Səudiyyənin neft naziri: "Qiymət tənzimlənməsi ilə bağlı apardığımız siyasət köhnəlib"
"OPEK-dən neft hasilatının səviyyəsini azaltmaqla neftin qiymətinə təsir göstərəcəyini gözləmək olmaz". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, belə bir açıqlama ilə quruma üzv ölkələrin Vyana görüşündən sonra Səudiyyə Ərəbistanının yeni təyin olunmuş neft naziri Xalid əl-Fəlih çıxış edib.
O deyib ki, neft istehsalçıları bazara sərbəst şəkildə özünü tənzimləmək imkanı verməlidirlər: "Mən hesab edirəm ki, bizim daha əvvəl istifadə etdiyimiz üsulla neftin qiymətini tənzimləmək mümkün olmayacaq. Eyni zamanda biz qiymətlərin tənzimlənməsi üçün yeni yollar da təklif etmək niyyətində deyilik".
Nazir deyib ki, bazar iştirakçılarına qiymətlərin tələb və təklif əsasında formalaşdırılması məqsədilə sərbəstlik verilməlidir. Xalid əl-Fəlihin sözlərinə görə, neft hasilatının həcmi ən yüksək səviyyədə saxlanılmalı, Səudiyyə Ərəbistanının malik olduğu vəsait isə daha çox gəlir gətirəcək sahələrə sərf edilməlidir: "İxracatçı ölkələrin neftin hasilat həcmini və qiymətlərini tənzimləmək kimi artıq köhnəlmiş yanaşmadan əl çəkməli olduğu qənaətindəyəm".
Yeni nazirin mövqeyi xələfi Əli əl-Nuayminin daha öncə verdiyi açıqlamalardan kəskin şəkildə fərqlənir. Belə ki, o zaman keçmiş nazir OPEK-in hasilatı məhdudlaşdırmaqla qiymətlərdəki artıma nail olunması ilə bağlı mövqeyini bölüşürdü.
Xatırladaq ki, iyunun 2-də OPEK üzvlərinin Vyanadakı görüşü zamanı neftin hasilat kvotası ilə bağlı konkret razılığa gəlmək mümkün olmayıb. Hasilat üzrə sutkada 30 milyon barel təşkil edən hazırkı rəsmi kvota isə 2011-ci ildə müəyyənləşdirilib.