Prezident: "Ermənistanın atəşkəs xahişi Azərbaycana Putin tərəfindən təklif olunub"
İyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı işə başlayıb.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev qurultayın açılış mərasimində nitq söyləyib.
Dünya Azərbaycanlılarının IV Qurultayının açılışı münasibətilə təbriklərini çatdıran prezident İlham Əliyev bu qurultayın soydaşlarımızın birləşməsi üçün mühüm addım olduğunu bildirib. Dünya azərbaycanlılarının həmrəyliyinin hər zaman diqqət mərkəzində olduğunu deyən dövlət başçısı ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərindən danışıb. Ümummilli Liderin uzaqgörənliyi sayəsində hər il minlərlə gəncin SSRİ-nin müxtəlif şəhərlərinə göndərilərək ali məktəblərdə oxuduqlarını, bunun da sonrakı dövrdə diaspor fəaliyyətinə mühüm töhfə olduğunu deyən prezident İlham Əliyev məhz Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunduğunu, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra diaspor quruculuğunun daha da sürətlə aparıldığını bildirib.
Hazırda dünyada 462 diaspor təşkilatının fəaliyyət göstərdiyini, diaspor qurumlarının daha da gücləndiyini deyən dövlət başçısı nitqində gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşüb. “Azərbaycanlılar tarixi Vətənlə əlaqələri kəsməməlidirlər. Soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal olmalıdırlar”, - deyən prezident İlham Əliyev diaspor təşkilatları arasında əlaqələndirmə işinin aparılmasının, birlik və həmrəyliyin əldə olunmasının vacibliyini vurğulayıb.
Diaspor təşkilatları ilə dövlət orqanları, həmçinin səfirliklər arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən də danışıb, siyasi, iqtisadi və digər sahələrdə aparılan islahatların artıq öz bəhrələrini verdiyini deyib. Ölkəmizdə ictimai sabitliyin və iqtisadi inkişafın təmin edildiyini bildirən prezident İlham Əliyev Azərbaycanın yürütdüyü xarici siyasətin də uğurlu olduğunu deyib, indi dünyada ölkəmizin 92 diplomatik nümayəndəliyinin və 62 səfirliyinin fəaliyyət göstərdiyini bildirib. Dövlət başçısı soydaşlarımızı yaşadıqları ölkələrdə yerli özünüidarəetmə orqanlarında və mətbuatda fəal olmağa çağırıb, bunun Azərbaycan həqiqətlərinin müxtəlif ölkələrin ictimai dairələrinə çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib.
Müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlərdən, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev tarixi Azərbaycan torpaqlarında məskunlaşan ermənilərin keçmişi saxtalaşdırdıqlarını, qədim Azərbaycan toponimlərini dəyişdiklərini bildirib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin zəbt olunduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalı soyqırımının törədildiyini diqqətə çatdırıb. Bu məsələdə informasiya mənbələrinin genişləndirilməsinin, diasporun internet və yazılı mətbuat resurslarından daha geniş yararlanaraq münaqişə ilə bağlı həqiqətlərin geniş miqyasda yaymasının zəruriliyinə toxunan dövlət başçısı aprel döyüşlərində ermənilərin yalan informasiyaya əl atmaq niyyətlərinin puça çıxdığını, bu döyüşlərin Ermənistanın növbəti təxribatı olduğunu, Azərbaycan Ordusunun onlara layiqli cavab verərək düşməni yerində oturtduğunu bildirib.
Prezident İlham Əliyev deyib ki, Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə yalan danışaraq bildirib ki, qondarma “Dağlıq Qarabağ ordusu” vəziyyətə nəzarət edir və Azərbaycan döyüşlərin dayandırılması ilə bağlı guya Rusiyadan xahiş edib. Bu iddianın tamamilə cəfəngiyata söykəndiyini deyən prezident İlham Əliyev Dağlıq Qarabağın “ordusu”nun bir mif və ermənilərin beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün atdığı addım olduğunu konkret faktlarla əsaslandırıb. Əslində isə atəşkəsin bərpa edilməsi ilə bağlı Ermənistanın xahişi Rusiyanın baş qərargah rəisi və dövlət başçısı tərəfindən Azərbaycana təklif olunub.