ABŞ Ukraynaya 1 milyard dollar ayırdı
Ukrayna və Birləşmiş Ştatlar Kiyevə 1 milyard dollar məbləğində kredit tranşının ayrılması ilə bağlı razılaşma əldə edib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, sənədi Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk, səfir Ceffri Payett və Beynəlxalq İnkişaf Agentliyinin missiya rəhbəri Coel Sandefur imzalayıblar.
İstiqrazların buraxılmasından əldə olunacaq vəsaitin dövlət büdcəsinin ümumi fonunda daxil olacağı güman edilir. Ukraynanın Maliyyə Nazirliyindən ayrılacaq məbləğin iqtisadi faktorlardan, o cümlədən qaz tariflərinin bazar qiymətinə uyğunlaşdırılmasından zərər çəkən vətəndaşların sosial təminatına yönəldiləcəyi bildirilir. Bundan öncə Ukrayna iki dəfə 1 milyard dollar həcmində suveren avrobondlar dövriyyəyə buraxıb. Sərmayədarlar defolt vəziyyətində olan Ukraynanın öhdəliklərini almağa risk etmədiyindən, o zaman sözü gedən qiymətli kağızlar ABŞ-ın zəmanəti altında yerləşdirilmişdi.
Qeyd edək ki, Kiyevə kredit tranşının ayrılması məsələsi bir neçə aydır müzakirə edilirdi. Bu mövzu prezident Pyotr Poroşenkonun aprel ayında həyata keçirilən Vaşinqton səfəri zamanı da gündəmdə idi. O zaman ABŞ rəsmiləri tranş zəmanətinin yalnız ölkədə Beynəlxalq Valyuta Fondu ilə işləməyə hazır olacaq hökumət formalaşdırıldıqdan sonra verilə biləcəyini bildirirdilər. Bu istiqamətdə danışıqlar aprelin 14-də Ukraynanın yeni hökuməti təsdiq edildikdən sonra bərpa olunub.