Azərbaycan prezidenti Türkiyənin baş nazirini qəbul edib
Azərbaycana rəsmi səfərə gələn Türkiyənin baş naziri Binəli Yıldırımın iyunun 3-də rəsmi qarşılanma mərasimi olub.
APA TV-nin xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verib. Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və baş nazir Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Baş nazir Binəli Yıldırım Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri baş nazir Binəli Yıldırıma, Türkiyə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyənin baş naziri Binəli Yıldırım və xanımı Semiha Yıldırım rəsmi foto çəkdirdilər.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin baş naziri Binəli Yıldırım ilə əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Türkiyənin baş naziri Binəli Yıldırımın Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Binəli Yıldırım mətbuata birgə bəyanatlarla çıxış ediblər.