Qurultay nümayəndələri: "Prezident İlham Əliyevin çıxışı dünyaya bir mesaj idi"

"Azərbaycan diasporu son illər ərzində güclü inkişaf edir. Bu baxımdan Azərbaycan xalqını xoşbəxt hesab etmək olar. Dünyanın hansı tərəfində yaşamasından asılı olmayaraq, azərbaycanlılar daim dövlətlərinin həqiqətləri uğrunda yorulmadan mübarizə aparırlar. Təbii ki, burada dövlətin indiki və keçmiş vətəndaşlarına sahib çıxması da böyük əhəmiyyət kəsb edir. Hər hansı azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq, çətin anlarında doğma Azərbaycanının ona arxa durduğunu hiss edirsə, demək o, sona qədər məhz bu dövlət üçün çarpışacaq".

 

Bunu APA TV-yə müsahibəsində Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru, Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəri Adil Bağırov deyib.

 

"Bu gün qurultay iştirakçıları qarşısında Azərbaycan prezidenti İlham Əliyev çox əhəmiyyətli bir çıxış etdi. Mən iştirakçı kimi çox sevindim, çünki prezident tərəfindən səsləndirilən tezislər Amerika Azərbaycanlıları Şəbəkəsinin fəaliyyətində öz əksini tapıb. Məsələn, Azərbaycanın ən böyük problemi odur ki, xarici ölkələrdə mətbuat ermənipərəstliyini gizlətmir, bunu cənab prezident öz çıxışında xüsusi vurğuladı. Azərbaycana xarici KİV-də kifayət qədər  yer ayrılmır. Bu gün Amerika Azərbaycanlıları Şəbəkəsinin xətti ilə ABŞ-ın ən nüfuzlu mətbuat orqanlarında ildə 80 məqalə dərc olunur. Bununla qürur duyuruq. Təşkilat olaraq bizdən çox bu istiqamətdə geniş fəaliyyət göstərən şəbəkə yoxdur" - deyə o qeyd edib.

 

Dünya Azərbaycanlıları Konqresinin sədri Dr. Asif Kurban hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışı əslində dünyaya bir mesaj idi: "Birləşmə, bir araya gəlmə mesajlarına daha çox yer ayrıldı. Əslində dünya azərbaycanlılarının bu gün sözün əsl mənasında bu birliyə çox ehtiyacı var. Güclü olmaq üçün eyni hədəfə vurmalıyıq. Yalnız bu zaman qalib gələ bilərik. Qarabağ cəbhəsində bu ilin aprel ayında yaşanan son hadisələr zamanı erməni tərəfi gördü ki, bu gün Azərbaycan kifayət qədər güclənib. Durmamaq, çalışmaq bizim işimizin əsasıdır. Biz hər zaman deyirik ki, diasporumuz gəncdir. Buna baxmayaraq, hər zaman tətikdə olmaq, Azərbaycanı gözü götürməyənlər üçün birgə sinə gərmək lazımdır".

 

"Bu gün Almaniyada rəsmi olaraq 20 min Azərbaycan türkünün yaşadığı bildirilsə də, qeyri-rəsmi rəqəmlərdə bu say 100 mini ötüb. Bu isə Almaniyada fəaliyyət göstərən diasporanın gücü deməkdir". Avropa Azərbaycanlıları Konqresinin sədri Samirə Patzer-İzmayilova deyir ki, Almaniya Azərbaycan diasporu Avropa ən güclü təşkilatlardan biridir: "Bizim Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən böyük ictimai-siyasi təşkilatlarımız var. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da bu təşkilatlar az iş görmür. Diaspora fəaliyyəti uzun sürən davamlı bir işdir. Onun sonu yoxdur, bu fəaliyyət sonadək güclənərək davam etməlidir. Bu məqsəd üçün də birlik və inkişaf gərəkdir".

 

Qeyd edək ki, bu gün Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı başlayıb.İki gün davam edəcək qurultaya 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq qatılıb. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir.

 

Müəllif | Apa.Tv
Apa.tv