Qosman Amrin:" Aktauda yüklərin gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət azalıb”
Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədr müavini Qosman Amrin Aktau limanında azərbaycanlı və türk iş adamlarının yüklərinin gömrükdən keçirilməsi zamanı yaranan ləngimələrə münasibət bildirib.
APA TV-nin məlumatına görə, Qosman Amrin bildirib ki, yüklərin daşınması ilə bağlı şərtlərin maksimum dərəcədə yumşaldılması ilə bağlı qərar qəbul edilib. Onun sözlərinə görə, bununla da yüklərin gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət azalıb: ”Bilirsiniz ki, bu ilin əvvəlində Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında görüş keçirilib. Görüşdə tranzit yüklərin daşınması ilə bağlı şərtlərin maksimum dərəcədə yumşaldılması ilə bağlı qərar qəbul edilib. Təbii ki, biz də öz növbəmizdə azərbaycanlı həmkarlarımızla görüşmüşük. Biz Ələt limanında olmuşuq və limanda işlərin necə təşkil olunması ilə maraqlanmışıq. Bizə Qazaxıstanda da belə təcrübənin tətbiqi ilə bağlı tapşırıq verilib. Bu, tranzitin bir hissəsidir. Azərbaycan və Türkiyədən yükdaşıma ilə məşğul olanlar bildirirdilər ki, Aktauda gömrük proseduralarından keçmək üçün 9-12 saat vaxt tələb olunur. Hazırda bu müddət orta hesabla 2 saata qədər azaldılıb. Bununla da biz demək olar ki, Ələt limanında olan standarta yaxınlaşmışıq”.
Qosman Amrin bildirib ki, bu nəticə qarşılıqlı fəaliyyət nəticəsində mümkün olub.