Gəncədə meksikalı rəssamın fərdi sərgisi açılıb

Gəncədə Mədəniyyət və Turizm Nazirliyinin, Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə rəssam Marqarita Moralesin fərdi sərgisi açılıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Marqarita Moralesin "Rənglərin simfoniyası" adlı sərgisi Məhsəti Gəncəvi Mərkəzində nümayiş olunur.

 

Abstrakt mövzuda ərsəyə gətirilən əsərlərdə rəssamın özünəməxsus dəst-xəttini müşahidə etmək olar. Sərgidə rəssam Marqarita Moralesin Meksikanın təbiətindən ilhamlanaraq çəkdiyi 30-dan artıq əsər yer alıb. Bununla belə, sərgidə rəssamın Azərbaycanda yaratdığı əsərlər də nümayiş olunur.

 

Marqarita Morales sərgi ilə bağlı təəssüratlarını bölüşüb: “Mən bu əsərləri Bakıda təqdim etmək üçün çəkmişəm. Çünki mənim Bakı ilə əlaqədar böyük təəssüratlarım var. Keçən il Bakıda olmuşam. Bir-iki əsəri burda çəkmişəm. Bakını görəndən sonra mənim üçün böyük təəssüratlar yarandı. Çox oxşarlıqlar gördüm insanların xasiyyətində, rənglərdə, təbiətində. Yeməklərimiz fərqli olsa da, hər ikisi ləzzətlidir. Əsərlərimdə yaxşı təəssüratları göstərmək istəmişəm. Azərbaycana yenidən gəlməyimə görə xoşbəxtəm və bura yenidən gəlmək istərdim. Azərbaycanı öz ürəyimdə gəzdirirəm”.

 

Sərginin aşılışında iştirak edən Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores bildirib ki, belə sərginin təşkili hər iki ölkənin yaradıcı insanları üçün olduqca əhəmiyyətlidir.

 

Qeyd edək ki, sərgi iyunun 7-dək nümayiş olunacaq.

 

Azər Məmmədli

Müəllif | Apa.Tv
Azər Məmmədli