Prezident İlham Əliyev: “Azərbaycan Türkiyənin yanındadır”
“Azərbaycan bütün məsələlərdə Türkiyəni dəstəkləyir, Türkiyənin yanındadır və bəzi hallarda Türkiyəyə qarşı edilən ədalətsizliklərə Türkiyə qədər heyfslənir və öz sözünü deyir”.
APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımla birgə mətbuat konfransında bildirib.
“Misal üçün, dünən Almaniya Parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı, pislədi, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən ölkə prezidenti kimi bu yalan üzərində qurulan təxribatı bir daha pisləyirəm, qınayıram. Bu, ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir və buna təbii ki, biz dözə bilmərik və dözmürük” - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan prezidenti onu da deyib ki, Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Dövlət başçısı xatırladıb ki, ötən il iyunun 12-də Almaniya parlamenti Azərbaycana qarşı çox ədalətsiz, yalan üzərində hazırlanmış, təhqirlərlə dolu qətnamə qəbul edib: “Guya ki, Azərbaycanda demokratiya, insan haqları pozulur və sair. Birincisi, bu, yalandır. Azərbaycanda demokratiya inkişaf edir. Bütün azadlıqlar təmin edilir - söz azadlığı, mətbuat azadlığı. Azərbaycanda azad internet mövcuddur və əhalinin 75 faizi internetdən istifadə edir. Sual olunur: Azad internet olan yerdə söz azadlığı necə boğula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var. Kim istəyir, nə vaxt istəyir, sərbəst toplaşa bilir”.
Türkiyənin baş naziri Binəli Yıldırım isə deyib ki, Almaniya parlamentində əsassız bir qərar qəbul edilib. Baş nazirin sözlərinə görə, bu, Türkiyə üçün, türk milləti üçün böyük bir məna daşımır, hər hansı hökm ifadə etmir. Çünki tarix tarixçilərin ixtiyarına verilməlidir: “Almaniya parlament vasitəsilə belə bir qərar qəbul etməklə, əslində öz tarixi səhvini və eybini ört-basdır etmək məqsədini güdür. Keçmiş dəftərləri vərəqlədiyimiz zaman ən çox cavab verməli olan ölkələrin başında Qərb dövlətləri gəlir. Bu baxımdan Türkiyənin tarixi çox açıq və təmizdir. Həmin köhnə dəftərlərdə ən aşağı sıralarda bizik”.
Binəli Yıldırımın sözlərinə görə, Azərbaycan torpaqlarında yaşanan dəhşətləri görməzliyə vurmaq səmimiyyətsizlikdir: “Bu ölkələr tarixə qaranlıq gecə kimi düşən Xocalı qətliamını nə üçün gündəmə gətirmirlər? Bu da bir soyqırımıdır, qətliamdır. O qədər də keçmişdə deyil, yüz ilə uzanan bir hadisə də deyil. Ona görə də burada ikili standartın yaşandığını görürük”.