Binəli Yıldırım: “Azərbaycanın dostu bizim dostumuz, düşməni bizim düşmənimizdir”
“Azərbaycanın dostu bizim dostumuz, düşməni bizim düşmənimizdir”.
APA TV-nin məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə bəyan edib.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir: “Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Bu yaxınlarda Almaniya parlamentində uydurma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qərar Azərbaycan ictimaiyyətinin də hiddətinə səbəb olub. Bütün bunlar dünyada mövcud olan ikili standartlardan xəbər verməklə yanaşı, həm də uydurma faktlardan istifadə edərək bir sıra ölkələrə təsir etmək kimi cılız məqsədlər güdür”.
Binəli Yıldırım Almaniya parlamentində uydurma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qərarla əlaqədar Azərbaycan tərəfinin mövqeyini yüksək dəyərləndirərək deyib ki, tarixlə tarixçilər məşğul olmalıdırlar: “Baş vermiş hər hansı bir hadisədən 100 il sonra onun üzərində siyasət aparmaq olmaz. Yaxın tarixdə törədilmiş Xocalı soyqırımına göz yuman bu siyasətbazlar uzaq keçmişdəki uydurma hadisələrə qiymət verməyə cəhd göstərirlər”.
Binəli Yıldırım Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq bu ilin aprel ayında Azərbaycan Ordusunun cəbhə xəttində əldə etdiyi uğurları yüksək qiymətləndirib. Baş nazir xüsusi vurğulayıb ki, Türkiyə ilə Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir.