Sel Fransaya 600 milyon avro ziyan vurub, Paris təhlükədədir

Fransanın böyük hissəsində həftənin əvvəlindən başlayan şiddətli yağışların ölkəyə vurduğu ziyan 600 milyon avroya çatıb.

 

APA TV-nin məlumatına görə, Fransa Sığortaçılar Birliyinin rəhbəri Bernard Spitz yazılı açıqlamasında 2015-ci ilin oktyabrındakı sel fəlakətini xatırladıb. O bildirib ki, ötən ilin payızındakı daşqınlar 600 milyon avro ziyan vurmuşdu və bu dəfəki ziyan o rəqəmdən az olmayacaq.

 

Fransa Əkinçilər Federasiyası isə yağışların kənd təsərrüfatına böyük ziyan vurduğunu bəyan edib, hökuməti ziyanın ödənilməsi üçün tədbirlər görməyə çağırıb.

 

Bu arada paytaxt Parisdəki Sena çayında suyun səviyyəsi artmaqda davam edir. Suyun səviyyəsinin 6,5 metrə çatdığı bildirilir. Çay boyu yolların bağlanması üzündən Parisdə nəqliyyatın hərəkəti iflic vəziyyətindədir.

 

Qeyd edək ki, 1910-cu ildə Sena çayında suyun səviyyəsi 8 metrə çatmışdı. Ölkə tarixinin ən böyük daşqını sayılan hadisə nəticəsində Parisdə 20 min ev su altında qalmış, 30 min evə ziyan dəymişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv