Bakı III Beynəlxalq Turizm Filmləri Festivalı yekunlaşdı

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, artıq 3-cü ildir ki, keçirilən festivala bu il 71 ölkədən 420 ekran əsəri təqdim olunub.

Seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Ekran əsərləri 5 kateqoriya üzrə bölünüb:
 

  1. Ölkə, region, şəhər
  2. Mədəniyyət, ənənə
  3. Reklam filmləri
  4. Ekoloji turizm və digər turizm növləri
  5. TV məhsullar
     

Qalibləri kino və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti müəyyən edib. Münsiflər heyətinin sədri Azər Qərib builki ekran əsərlərinin yaddaqalan olduğunu vurğulayıb: “İlk festivalla müqayisədə Azərbaycan filmləri daha çoxdur. Həm rejissor, həm də operator işində irəliləyiş var. Ssenarilərdə kreativlik daha çox  hiss olunur. Bu da sevindirici haldır”.
 

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qaliblər arasında Türkiyə, Rusiya, İrlandiya, Polşa, Böyük Britaniya və başqa ölkələrdən olan rejissorlar yer alıb. Filmlər kateqoriyasına uyğun qızıl, gümüş və bürünc mükafatlara sahib olublar.
 

Festivalın əsas mükafatı - Qran Pri isə Xorvatiyalı rejissor Herve Tirmarşenin “Dubrovnik və zaman” adlı filminə verilib.
 

"Bu film bir çox mükafatlar qazanıb. Lakin ən böyük mükafatımız Qran Pri oldu. Gözləmirdim. Çox sevincliyəm. Hər kəsə təşəkkür edirəm".
 

Yerli filmlər arasında Milli Mükafat Rüfət Kərimzadəyə “Yurdum” adlı ekran əsərinə görə verilib. Münsiflər heyətinin xüsusi mükafatı isə Rusiyalı rejissor Janna Tolstikovaya təqdim olunub.
 

Müəllif | Apa.Tv
Apa.tv