Masallıda daş dövrünə aid maddi-mədəniyyət nümunələri tapıldı
Masallıda daş dövrünə aid edilən maddi-mədəniyyət nümunələri tapılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, həmin nümunələr rayonun qədim yaşayış məntəqələrindən sayılan Xanalion kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb.
Qazıntı işləri zamanı üzə çıxan müxtəlif fiqurlu, əsasən əmək alətlərini xatırladan daşlar elə ilk görünüşdən diqqəti cəlb edib. Yerli sakinlərin qənaətincə, əl əməyinin məhsulu olan bu daşlar bu diyarın zəngin tarixi keçmişindən soraq verir.
Maddi-mədəniyyət nümunələri Xanalion kənd sakini Maqsud Şirəliyevin həyətində tapılıb: "Mən həyətimdə hovuz qazırdım. Həmin hovuzu təxminən 2 metr qazandan sonra oradan müxtəlif növ, qeyri-adi daşlar çıxmağa başladı. Bu daşlar mənə qəribə gəldi. Diqqətimi cəlb elədi. Bu daşların içərisində çarığı, qədim həvəng dəstini xatırladan, müxtəlif atributları təsvir edən daşlar var idi. Əlimdə gördüyünüz bu daşı götürək. Mən əminəm ki, təbiət belə bir daşı öz-özünə yarada bilməz. Bu, hansısa bir dövrün oyma sənətinin nişanəsidir".
Kənd ağsaqqalı, uzun illər yerli məktəbdə tarix müəllimi işləmiş Xudaverdi Əliyevin sözlərinə görə, Xanalion kəndi dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyi üçün burada məskunlaşma ətraf yaşayış məntəqələrindən xeyli əvvəl olub. Elə aşkarlanan daşlar da buna əyani sübutdur. Kəndin adı isə xanın yaşadığı yer mənasını verir: "Kəndimizin qədim tarixi var. Vaxtilə yerli camaat yüksəklikdə yaşayıb, buralar isə dənizkənarı olub, mayakların yeri hələ də qalmaqdadır. Yuxarı ərazidə çoxlu sayda qeyri-adi daşlara rast gəlinib. Cavanlar onları yığıb kəndə gətiriblər. Bunlar heç də adi daşlar deyil. Baxanda hiss edirsən ki, bu daşların üzərində əmək sərf olunub, onlardan əmək alətləri kimi istifadə olunub. Mənim fikrimcə, bu daşlar daş dövrünə aiddir. Metalın hələ olmadığı vaxtlarda insanlar məişətdə məhz daşlardan istifadə ediblər".
Maqsud Şirəliyev tapıntı barədə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edib. İnstitutun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova dərhal Maqsud Şirəliyevə cavab məktubu göndərib: "Kənd ağsaqqalı Xudaverdi Əliyevlə qərara gəldik ki, tapdığımız daşların tədqiq olunmasından ötrü Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edək. Artıq institut tərəfindən məktubumuza cavab verilib. Bildirilir ki, cari ilin iyul-avqust aylarında institutun ekspedisiya qrupu Lerik, Cəlilabad, Masallı və Yardımlı rayonları ilə yanaşı, eyni zamanda bizim kəndin ərazisində də arxeoloji tədqiqat işləri aparacaq. Ümid edirik ki, araşdırmalardan sonra tapılan bu daşların, həmçinin kəndin tarixi barədə qaranlıq qalan məqamlara işıq salınacaq".