Masallıda öz evini qarət etdirən şəxs və dostu tutuldu
Masallı polisi evindən oğurluq edilməsi barədə yalan məlumat verən şəxsi ifşa edib.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Masallı şəhər sakini, 46 yaşlı İsmət Hüseyn oğlu Şükürov Masallı Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək, mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyalarının və 5 min manat pulun oğurlandığını bildirib.
Polisin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq faktının ev sahibinin bilavasitə köməyi ilə həyata keçirildiyi müəyyənləşdirilib.
Belə ki, İsmət Şükürovun yaxın dostu, 48 yaşlı Əli Baratxan oğlu Şahbazov şübhəli şəxs qismində saxlanılıb. İstintaqın gedişində saxlanılan Əli Şahbazovun ev sahibi ilə əlbir olaraq oğurluq hadisəsini törətdiyi, eləcə də İsmət Şükürovun öz mənzilinin açarını birbaşa Əli Şahbazova verdiyi müəyyənləşdirilib.
Araşdırmalardan o da məlum olub ki, İsmət Şükürov ailəsi ilə birlikdə toy mərasimində iştirak etdiyi zaman Əli Şahbazov onun evinə girərək oğurluq hadisəsini törədib. Oğurlanmış qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.