Azərbaycan diasporunun rəhbərləri inteqrasiya problemlərini müzakirə ediblər

Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzusunda panel təşkil edilib.

 

APA TV-nin məlumatına görə, tədbirin moderatoru Türkiyənin Giresun Universitetinin Tarix kafedrasının müdiri Aygün Attar azərbaycanlıların yaşadıqları xarici ölkələrin ictimai-siyasi həyatında zəif iştirak etməsinin müzakirə mövzusu kimi diqqət mərkəzində olmasını təklif edib.

 

Millət vəkili, professor Musa Qasımlı isə yəhudi və erməni diaspor təşkilatlarının dövlətə kömək, yardım edən qüvvə kimi çıxış etdiklərini xatırladıb: “Azərbaycan dövləti qüdrətlidir, ancaq biz diasporumuzun dövlətimizə köməyi barədə də müzakirələr aparmalıyıq. Digər tərəfdən, diaspor nümayəndələrimiz yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, diaspor təşkilatlarımız yaşadıqları ölkələrin dilində media orqanlarının təsis edilməsini də diqqət mərkəzində saxlamalıdır”.

 

Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev isə deyib ki, xaricdə yaşayan azərbaycanlılar bir-birinə dəstək olmalı, bir-birinə mane olmamalıdırlar.

 

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin sədri Səfər Karakoyunlu da diasporun uğurlu fəaliyyəti üçün dövlət və xalq dəstəyini önəmli sayıb.

 

Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın isə nəzərə çatdırıb ki, Hollandiyada qondarma “erməni soyqırımı” abidəsinin tikilməsinin qarşısını almağa nail olublar: “Mənə bu il Hollandiyada Kraliça medalı veriləcəkdi, ancaq bir mitinqdə “Ermənilər Qarabağdan çıxmayınca, Qarabağ onlara məzar olacaq” dediyimə görə o medalı vermədilər. Biz bir-birimizə sahib çıxmalıyıq”.

 

Ümumrusiya Azərbaycanlıları Konqresinin Çuvaşiya regional bölməsinin sədri Əziz Bədirov Rusiyada azərbaycanlıların tədbirlərdə fəal iştirak etmədiyinə diqqət çəkib: “Diasporun uğurunun əsasında fəallıq və informasiya savaşında aktiv iştirak durmalıdır. Təəssüf ki, bu sahədə bizim problemlərimiz, çatışmazlıqlarımız var”.   

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev isə Ukraynada azərbaycanlıların müdafiə və təhlükəsizlik orqanlarında böyük vəzifələrdə çalışdığını nəzərə çatdırıb: “Mən özüm Ukrayna Millətlər Assambleyasının rəhbəriyəm, Milli Razılıq Komissiyasının üzvüyəm. Ukraynanın keçmiş prezidentləri və hazırkı prezidenti ilə yaxın əlaqələrimiz var. Ukraynada parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı təşəbbüslərin qarşısını almışıq”. 

 

Kipr və Azərbaycan Dostluq Dərnəyinin sədri Orxan Həsənoğlu isə Azərbaycandan xaricə tələbələr göndərilməzdən əvvəl həmin ölkələrdə Azərbaycanın necə təbliğ olunması barədə onlara təlimlər keçirilməsini təklif edib.

 

Müəllif | Apa.Tv
Apa.tv