Azərbaycanda süd vəzi xərçəngi niyə cavanlaşıb? - ARAŞDIRMA
"Azərbaycanda süd vəzisi xərçəngi xəstəliyi cavanlaşıb. Əvvəlki illərdən fərqli olaraq, artıq ölkədə bu xəstəliyə həttda 20 yaşlı qadınlar da tutulur". Bu açıqlamanı APA TV-yə müsahibəsində Mərkəzi Gömrük Hospitalının ümumi cərrahiyyə uzmanı Elmir Əsgərov deyib.
Onun sözlərinə görə, əvvəllər Azərbaycanda qadınlar arasında süd vəzisi xərçəngi 50 yaşdan yuxarı qadınlar arasında yayılmışdısa, bu gün artıq bu xəstəliyə daha çox 40 yaşlı insanlar arasında rast gəlinir. Bu isə süd vəzisi xərçənginin cavanlaşdığını göstərir: "Bu gün qadınlar daha çox süd vəzi ağrılarından şikayət edirlər. Bu hal daha çox yeni ana olmuş qadınlarda rast gəlinir ki, bunun da səbəbi süd vəzilərinin iltihabı prosesidir. Bu proses mastodini adlanır. Bu zaman yaranan ağrılara tibbdə daha ciddi yanaşılır. Bundan əlavə süd vəzinin xərçəngi xəstəliyinin ilkin mərhələsində ağrı olmur. Sadəcə müalicəyə gec başladıqda ağrılar yaranmağa başlayır. Ümumiyyətlə 30 yaşdan sonra hər bir qadının süd vəzinin müayinəsi vacibdir. Bu həmçinin irsi xarakterilidirsə, yəni qadının ailəsində döş vəzinin xərçəngi xəstəliyi olubsa, bu müayinə daha erkən yaşlardan başlamalıdır. Süd vəzi xərçəngi gəncləşən xəstəliklər sırasında ilk yerlərdən birini tutur. Bu xəstəliyə artıq iyirmi yaşlı xanımlarda daha çox rast gəlinməyə başlayıb".
Elmir Əsgər deyir ki, əvvəllər onalara müraciət edən orta yaşlı qadınlar arasında süd vəzisi xərçənginə tutulma hallarına az hallarda rast gəlinirdisə, bu gün hər il 20 yaşdan yuxarı qadınlar arasında bu xəstəliklə rastlaşır. Bunu hədsiz acınacaqlı hal adlandıran cərrah əlavə edib ki, qarşıdakı illərdə də hər səkkiz qadından birinin süd vəzi xərçəngi xəstəliyinə yaxalanması riski var: "Bununla bağlı Amerika Xərçəng Assosiasiyasının bu xəstəliyin qarşıdakı illərdə daha artacağını bildirir. Bu, qaçılmaz faktdır. Süd vəzi xərçəngi bu xəstəliyin formasının ən ciddiləri sırasındadır. Bu səbəbdən 40 yaşından başlayaraq hər bir qadın hər il mammoqrafiya müayinəsindən keçməlidir. Çünki qadında süd vəzi xərçəngi yaranırsa, onu mammoqrafiya müayinəsi ilə ilkin mərhələdə təsbit etmək mümkündür. Süd vəzi xərçənginin profilaktikası yoxdur. Bunun üçün mütləq şəkildə müayinə, müalicə lazımdır".
Elmir Əsgərov xəstəlinin bir çox yaranma səbəblərinin olduğuna da diqqət çəkib. Ekoloji fəlakətlər, havanın çirklənməsi, stress və gərginliyin artması, əsəb pozğunluqları, fərdin ruh düşkünlüyü, geni dəyişdirilmiş və ya mənşəyi bəlli olmayan qida məhsulları buna səbəb ola bilər: "Bütün süd vəzi xərçənginin növlərinin 10 faizi genetik amillərdən asılıdır. Bunun üçün müraciət edən əksər pasientlər arasında bununla bağlı araşdırma aparılır. Süd verməmək, heç vaxt doğmamaq , klimaks dövrünün erkən başlaması, artıq çəki, yağlı qidalanma, alkoqollu içkilər və siqaretdən istifadə bu xəstəliyə meylliliyi artıran xüsusiyyətlərdəndir".
Cərrah qeyd edib ki, hər il dünyada süd vəzi xərçəngi diaqnozu ilə 1 milyondan çox xəstə qeydə alınır.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yaşı 30-dan yuxarı olan hər 2 qadından birində süd vəzinin bu və ya digər şişinə rast gəlinir. Bu şişlərin 30-dan çox növü məlumdur. Statistikaya görə, bədxassəli şişlərdən dünyasını dəyişən qadınların ölüm strukturunda süd vəzi xərçəngi 2-ci yeri tutur.
Unutmayın ki, vaxtında aşkar olunan xəstəlik və düzgün aparılan müalicə sizin həyatınızın qarantıdır. Əgər özünüzdə və ya doğmalarınızdan birində süd vəzi xərçəngi aşkarlanıbsa, dərhal təşvişə düşməyin. Bilin ki, hər il dünyada yüz minlərlə qadın bu xəstəlikdən yaxa qurtara bilir. Siz də onlardan biri ola bilərsiniz! Cəsarətli olun. Əhval-ruhiyyənizi yüksək tutun və orqanizminizi bədbin duyğuların əsarətinə verməyin. Xəstəliyə qalib gələcəyinizə inanın və xəstəliklə mübarizədə əzmkar olun. “Süd vəzi xərçəngi, mən səndən güclüyəm!”.