Qurultay nümayəndələri: "Azərbaycanın bölgədə lider dövlətə çevrilməsindən qürur duyuruq"

"Artıq xaricdə yeni nəsil formalaşmaqdadır və bu nəsil bizlərlə müqayisədə yaşadıqları ölkələrdə yerli dili, adət-ənənələri nə qədər yaxşı bilsə də, ölkəmizlə bağlı məlumatlarının bizlər qədər olması bir qədər çətindir. Xaricdə yeni nəslin formalaşması diasporumuzun işini asanlaşdıracaq. Ancaq ölkəmizlə, tariximizlə bağlı biliklərimiz olmasa, fəaliyyətimiz də heç bir nəticə verməyəcək".

 

Bunu APA TV-yə müsahibəsində Niderlandda yaşayan soydaşımız, "Connect" təşkilatının sədri, Azərbaycan və Niderland Jurnalistlər birliklərinin üzvü Vüqar Abbasov deyib.

 

"Hollandların yaxşı bir deyimi var: "Hər bir şeyin daha yaxşısı mümkündür". Bu gün Azərbaycan diasporunun durumu əvvəlki illərdən xeyli  fərqlidir. Bizdə, ümumiyyətlə, diaspora anlayışı yeni bir anlayışdır. Bu sözün mahiyyətini anlamayan insanlar da, təşkilatlar da var. Bu normaldır. Amma illər öncə ilə müqayisədə uğurları görməmək mümkün deyil. Çatışmazlıqlar da var. Bu da təbiidir ki, iş olan yerdə problem olar. Önəmli olaraq yerində səhv etməməkdir. Ümid edirəm ki, Dünya Azərbaycanlılarının IV Qurultayında səsləndirilən fikirlərin gerçəkləşəcəyinə inanıram" - deyə o qeyd edib.

 

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini Sərdar Ünsal hesab edir ki, dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların bir araya gəlməsi birlik, bərabərlik simvoludur: "Azərbaycan deyiləndə mənim ağlıma türklük qoxusu olan bir məmləkət gəlir. Özümü burada çox xoşbəxt hiss edirəm. Bu gün burda toplaşan 500-dən çox Azərbaycan türkü könüllü olaraq diaspora fəaliyyəti ilə məşğul olan insanlardır. Bir arada olmaq çox önəmlidir. Düşünürəm ki, dünya azərbaycanlılarının 5 ildən bir toplaşmasını iki ildən bir etmək daha çox əhəmiyyətli olardı. Çünki bu, dünya azərbaycanlılarının işini daha da gücləndirəcək. Prezident İlham Əliyevin də dediyi kimi, diasporalar arasında boşluqlar var, onların sözün əsl mənasında doldurulması lazımdır".

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də fikirlərini bizimlə bölüşüb: "Hesab edirəm ki, dünyanın ən güclü Azərbaycan diasporlarından biri Ukraynadadır. Bu reallıqdır. Bu gün Ukraynada yaşayan azərbaycanlıların durumu beş il öncə ilə müqayisədə daha da yaxşılaşıb. Bu gün  hansı dövlətdə yaşayırıqsa, onların dilini, mədəniyyətini öyrənmədən, onların rəsmi şəxsləri ilə münasibət qurmadan gücümüzü artıra bilmərik.  Məhz bunun nəticəsidir ki, "erməni soyqırımı" məsələsinin Ukrayna parlamentində müzakirəsinin qarşısını iki dəfə almışıq".

 

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirən təşkilatın qarşısında daha böyük vəzifələrin durduğunu vurğulayıb: "Azərbaycanın inkişaf edərək bölgədə lider dövlətə çevrilməsindən qürur duyuruq. Ölkəmizin beynəlxalq imicinin yüksəldilməsində, xalqımızın qədim və zəngin mədəniyyətinin təbliğ olunmasında UAGB-nin üzərinə böyük məsuliyyət düşür.  Sıralarında minlərlə azərbaycanlı gənci birləşdirən UAGB ötən dövr ərzində tarixi vətənimiz naminə yüzlərlə tədbir həyata keçirib ki, bunların da əksəriyyəti ermənilərin son 2 əsrdə xalqımıza və dövlətimizə qarşı həyata keçirdiyi işğalçılıq və soyqırım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması ilə bağlıdır".

 

APA İnformasiya Agentliyinin Gürcüstan bürosunun rəhbəri Nizami Məmmədzadə qurultayın nəticələrini yüksək qiymətləndirib: "Burda prezident İlham Əliyev dünya azərbaycanlılarına bir çox önəmli tövsiyələr verdi. Jurnalist kimi diaspora işinin işıqlandırılmasında bizim də üzərimizə çox məsuliyyətli işlər düşür. Tövsiyənin ən önəmlisi isə diaspora təşkilatları arasında birliyin möhkəmləndirilməsidir. Gürcüstanda fəaliyyət göstərən diasporanın bundan sonra da prezidentin tövsiyələrini doğrultmağa çalışacağına əminəm. Cənab Prezidentə məni "Əməkdar jurnalist" fəxri adı ilə təltif etməsinə görə təşəkkür edirəm" .

 

Qurultayda Azərbaycan prezidenti fəaliyyətlərinin daha da gücləndirilməsi üçün diaspor təşkilatlarına dəstək olmağa hər zaman hazır olduğunu bir daha bəyan etdi. İndi qalır prezidentin tövsiyələrini həyata keçirmək...

 

Müəllif | Apa.Tv
Apa.tv