Nazim İbrahimov: "Azərbaycan Avropada siyasi koordinasiya mərkəzi yaradacaq"

"Azərbaycan yaxın zamanda Brüssel, Paris, Berlin və Skandinaviya ölkələrinin birində siyasi koordinasiya mərkəzlərinin yaradılmasına nail olacaq. Prezidentin Ehtiyat Fondundan Diasporla iş üzrə Dövlət Komitəsinə ayrılan vəsait də buna hesablanıb. İndi diaspor təşkilatlarımızın qarşısında yeni məqsəd və vəzifələr dayanır".

 

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov APA TV-yə müsahibəsində ölkə başçısının tapşırığına əsasən, ehtiyacı olan hər bir təşkilata kömək göstəriləcəyini deyib.

 

Onun sözlərinə görə, bu vəzifə sürətlə tərəqqi edən vətənimizin həqiqətlərini dünyaya daha çevik və müasir metodlarla çatdırmaqdan ibarətdir: "Qurultaylar diaspora təşkilatlarına tövsiyə, onların 5 illik fəaliyyətlərini dəyərləndirmək üçün yaxşı fürsətdir. Prezident İlham Əliyev çıxışında diasporanın inkişafından da, çatışmazlıqlarından da danışıb. Bu gün diasporun işinə ölkə prezidenti qiymət verir. Bu qiymət bizim üçün bir meyardır. Gələcək fəaliyyətimizdə göstərilən nöqsanları aradan qaldırmağa çalışacağıq. İşimizə verilən dəyər də ondan ibarət olacaq ki, biz diaspora təşkilatlarını dövlətimizin ətrafında birləşdirə bilək".

 

Nazim İbrahimov qeyd edib ki, Azərbaycan diasporu qısa müddət ərzində böyük inkişaf yolu keçərək gənc olmasına baxmayaraq, dünyada ən dinamik inkişaf edən diasporlardan birinə çevrilib: "Prezident növbəti 5 ildə bütün təşkilatlara hansı istiqamətlərdə çalışmaq, hansı sahədə daha çox xüsusi diqqət etmək lazımdır deyə bir yol göstərdi, gələcəkdə dövlətin daim diasporanın yanında olacağını söylədi. Bu tövsiyələrdən qidalanaraq deyə bilərəm ki, növbəti 5 ildə Azərbaycan diasporu daha da irəli gedəcək, öz hücum taktikasını seçərək Azərbaycan dövlətinin yanında olacaq, Azərbaycanın haqqı səsini dünyaya yüksək şəkildə çatdıracaq".

 

Nazim İbrahimov növbəti 5 il üçün Diasporla iş üzrə Dövlət Komitəsinin qarşısında duran hədəflərə də diqqət çəkib: "Hədəfimiz haqq səsimizin dünyaya yüksək səslə çatdırılması, Azərbaycan torpaqlarının erməni işğalında olmasını bütün dünyanın bilməsi, Azərbaycanın  müstəqilliyi tanınandan bu günə qədər məruz qaldığı işğalı dünyaya göstərməkdir".

 

Komitə sədri qeyd edib ki, bu gün hamımız, harada yaşamağımızdan asılı olmayaraq, ümumi evimiz Azərbaycanın müsəlləh əsgərləri olmalıyıq.    

 

Müəllif | Apa.Tv
Apa.tv