Azərbaycanda tələbələrə güzəştli kreditlər verilməsinə başlanır
Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər veriləcək.
APA TV-nin xəbərinə görə, bunu Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan brifinqdə MTKF-nin icraçı direktoru Rüfət Mahmud deyib.
Onun sözlərinə görə, Fondu Təhsil Nazirliyinin təşəbbüsü 10 dövlət ali təhsil müəssisəsi təsis edib. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır: "Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər".
Rüfət Mahmud deyib ki, tələbələr 6-15 iyun tarixlərində fonda müraciət edərək kreditləri əldə edə bilərlər. Fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbələrə ümumi tələblər qoyulub: “Bəzi xüsusi şərtlər də var ki, hər il yenilənə bilər. Kredit bu il üçün yalnız bakalavr pilləsində təhsil alan tələbələr üçün müəyyənləşib. Tələbənin ümumi orta müvəffəqiyyət balı 71 baldan yuxarı olmalıdır. Tələbənin göstəriciləri növbəti illərdə aşağı olsa, o zaman onlara kredit verilməyəcək”.
İcraçı direktor qeyd edib ki, fond təsis olunarkən ölkənin 10 ali məktəbi maddi sərmayə yox, qeyri-maddi töhfə verib. Hər bir universitet elmi şurasında tələbələrin sayını təsdiqləyib, ayrılan yerləri fonda sərmayə olaraq qoyub.
Maliyyə şərtlərinə gəlincə, fondun icraçı direktoru qeyd edib ki, kreditin maksimum faiz dərəcəsi 8% təşkil edir. Tələbələr üçün standart və güzəştli paketlər olacaq. Standart paketlərdə 8%-lik dərəcə götürülüb: “Güzəştli paketlərdə 6%-lik kredit məbləği nəzərdə tutulur. Kreditin müddətinə gəlincə, tələbə universiteti bitirəndən sonra 1 il güzəştli müddət alır və bu bir ildən sonra 10 il ərzində krediti geri qaytarır. Fondun maliyyə əməliyyatlarının agent bankı "Kapitalbank"dır. Gələcəkdə digər banklarla da əməliyyat aparmaq mümkün olacaq. Bir tələbə hər bir il üçün maksimum 4000 manat məbləğində şərti olaraq kredit ala bilər. Kreditin maksimum məbləği isə 20 min manatdır. Tələbə o pulu götürmür, fonddan birbaşa ali məktəbə ödənilir”.
Rüfət Mahmud əlavə edib ki, oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq. Tələbələr krediti almaq üçün hər il mütləq müraciət etməlidir. Onun sözlərinə görə, I kurs tələbələri kredit üçün müraciət edə bilməzlər. Çünki onların akademik göstəricisi qiymətləndirilməlidir. Tələbələr II kursdan kredit üçün müraciət edə bilərlər. Kredit qaytarılmasa, məhkəməyə müraciət edilə bilər.