Nazir: "Seçkidə ciddi problemlər yaratmaq istəyənlər oldu"
"Ölkədə keçirilən prezident seçkiləri zamanı İKT tətbiqində yüksək səviyyədə təşkil olundu, baxmayaraq ki, ciddi problemlər yaratmaq istəyənlər oldu".
APA TV-nin xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin kollegiya iclasından sonra keçirdiyi brifinqdə deyib.
Kollegiya iclasında bu ilin 9 ayında görülən işlər, əldə olunan nəticələr barədə məruzələr dinlənilib. Bildirilib ki, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq, 1196,8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən artım tempi İKT sektorunda 10,5%, o cümlədən telekommunikasiya sektorunda 6,7%, İT sektorunda 1,6 dəfə, poçt sektorunda 8%, informasiya sektorunda 14,6% təşkil edib.