Dolu Gədəbəydə fəsadlar törətdi

Gədəbəyə yağan dolu bir sıra kəndlərdə fəsadlar yaradıb.

 

Gədəbəy rayon İcra Hakimiyyəti aparatından APA TV-nin qərb bürosuna verilən məlumata görə, son 15-20 gün ərzində qeyri əlverişsiz hava şəraiti nəticəsində rayonun bır sıra kəndlərinə leysan yağış və dolu yağıb.

 

Təbiət hadisəsindən daha çox rayonun Qoşabulaq, Xarxar, Samanlıq və Pərizamanlı kəndləri zərər çəkib. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, iyunun 4-ə kimi təbii fəlakətdən ziyan çəkən təsərrüfatların sayı müəyyənləşib. Məlum olub ki, dolu nəticəsində Qoşa bulaq kəndində 71, Xarxar kəndində isə 40 fərdi yaşayış evinin dam örtüyü zədələnib. 12 fərdi avtomobildə buz parçalarının təsirindən zədə alıb.

 

Kənd sakinlərinin əkin sahələri də yararsız hala düşüb, иəzi kəndlərdə kələm, lobya, kartof, taxıl sahələri tamamilə məhv olub. Вolu meyvə bağlarına da ciddi ziyan vurub. Həmçinin ev heyvanlarının da tələf olduğu bildirilir.

 

Fövqəladə Hallar Komissiyasından bildirilib ki, ötən gün rayonun Aşağı Qoşabulaq və ona yaxın yaşayış məntəqələrində yenidən dolu yağıb və yaranan fəsadların miqyası genişlənib. Hazırda komissiya tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv