Heydər Əsədov: "Hər buzova görə fermerlərə 100 manat ödəniləcək"

"Son dövrlər neftin dəyərdən düşməsi, o cümlədən meydana gələn bir sıra iqtisadi faktorlar Azərbaycanda aqrar sahəni yenidən ön plana çıxarıb".

 

APA TV-nin məlumatına görə, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin donor ölkələri ilə keçirilən 3-cü görüşü zamanı bildirib.

 

Nazir deyib ki, indiyədək Azərbaycanda kənd təsərrüfatı sahəsi ilə məşğul olan fermerlərə ümumilikdə 60 milyon manat məbləğində güzəştli kredit ayrılıb, bu sahənin daha da inkişaf etdirilməsi üçün zəruri olan aqrotexniki avadanlıq və vasitələr alınaraq bölgələrdə fəaliyyət göstərən aqrolizinq müəssisələrinin istifadəsinə verilib.

 

Heydər Əsədovun sözlərinə görə, son dövrlər görülən tədbirlər nəticəsində fermerlərə gübrələr 70 faiz güzəştlə satılır. Bundan əlavə, bu ildən etibarən təkrar əkin həyata keçirilən torpaq sahələri üçün də subsidiyaların ayrılması təmin edilib.

 

Nazir onu da bildirib ki, bu ildən başlayaraq fermer təsərrüfatlarının fəaliyyətinin, eləcə də süni mayalanmanın stimullaşdırılması məqsədilə bu üsulla doğulan hər buzova görə fermerlərə 100 AZN məbləğində birdəfəlik vəsait ödəniləcək. Ötən il sözügedən üsuldan istifadə edilməklə 50 000 baş mal-qara alınıb.

 

Nazir jurnalistlərə açıqlamasında fermer təsərrüfatlarının subsidiyalaşması görülən işlərdən də danışıb: "Biz subsidiyaları iki mərhələdə verirdik. Artıq qərar qəbul olundu, bir mərhələdə veriləcək. Subsidiya sənədlərinin yığılması haqqında rayon komissiyalarının yaradılması və sənədlərin qəbuluna başlanılıb. Bizim prosedur qaydalarına uyğun olaraq artıq bu işlərin təşkili üçün heç bir problem yoxdur. Biz hesab edirik ki, bu iş bu il daha mütəşəkkil səviyyədə həyata keçiriləcək".

 

Tədbir beynəlxalq təşkilat nümayəndələrinin çıxışları ilə davam etdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv