Bakıda oğurladıqları əşyaları saytlara qoyub satan şəxslər tutuldu
Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirib.
APA TV-nin məlumatına görə, nəticədə rayon ərazisində fərdi yaşayış evlərindən pul, qızıl zinət əşyaları və televizorlar oğurlayan əvvəllər məhkum olunmuş Qaradağ rayon sakini Səbuhi Qasımov və Göygöl rayon sakini Yəhya Əmirov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Səbuhi Qasımov və Yəhya Əmirov əldə etdikləri televizorları və digər qiymətli əşyaları müxtəlif onlayn alış-veriş saytlarında satışa çıxarıblar.
Saxlanılan Səbuhi Qasımov rayon ərazisində yeddi evə girdiklərini etiraf edib: "Reşotka"dan girib götürmüşük. Əvvəlcədən baxıb görürdük ki, evdə yaşayış yoxdur, işıq yanmır, girib götürürdük".
Tutulan Yəhya Əmirov isə Səbuhi Qasımovun yanında işlədiyini bildirib: "Oğurluğa bir yerdə getmişik. 7 evə girmişik. Oğurladıqlarımızı sayta qoyub satmışıq”.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Dəstə üzvlərinin paytaxt ərazisində başqa analoji cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.