Göygöldən Bakıya 8 kq narkotik gətirən şəxs saxlanıldı
Daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.
APA TV-nin xəbərinə görə, daxil olan məlumat əsasında Xəzər Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Elbrus Rüstəmovdan 8 kiloqram 15 qram marixuana götürülüb.
Saxlanılan şəxs ifadəsi zamanı narkotik maddələri Göygöl rayonundan satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib: “Göygöl rayonunun "Azos" qəsəbəsində gördüm, yığdım nəm şəkildə. İki gün əvvəl isə getdim baxdım ki, quruyub. Gətirdim Bakıya satmaq üçün”.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.