İstanbulda polis avtomobili partladıldı: 11 ölü, 36 yaralı - YENİLƏNİB
İstanbulun Fatih-Veznecilər bölgəsində xüsusi təyinatlı polis avtobusuna edilən bombalı hücum zamanı 7 polis şəhid olub, 4 mülki şəxs ölüb.
APA TV-nin xəbərinə görə, partlayış zamanı üçü ağır olmaqla 36 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Şəhid və ölü sayının artması təhlükəsi var.
Hadisə növbə dəyişdirən xüsusi təyinatlı polisləri daşıyan avtobus keçərkən baş verib. Avtobus keçərkən terrorçu-kamikadzenin özünü və idarə etdiyi avtomobili partlatdığı iddia olunur.
Partlayışın təsirindən hadisə yerində təbii qaz partlayışının da baş verdiyi bildirilir. Ərazi ciddi nəzarətə götürülüb, polisə havadan helikopter dəstək verir. Ətrafdakı binalara ciddi ziyan dəyib, binaların şüşələri sınıb. Polis əhalini zərər görən binalardan boşaldır. Terror səbəbindən İstanbul Universitetinin Bəyazid səmtində yerləşən korpusunda keçiriləcək imtahanlar ləğv olunub. Universitet binasına ciddi zərər dəyib.