Suriyada parlamentə qadın sədrlik edəcək - İLK DƏFƏ
Suriyanın tarixində ilk dəfə qadın parlament sədri seçilib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu, parlamentdə "BƏƏS" partiyasını təmsil edən 58 yaşlı Hədiyyə əl-Abbasdır.
O, seçkilərə alternativsiz qatılıb. Parlamentin yeni tərkibli birinci sessiyasında səsvermə nəticəsində əl-Abbas bu posta gətirilib. Vitse-spiker isə rejissor-prodüsser Nəcda Anzur seçilib.
Yeni sədr fəlsəfə üzrə doktordur. Bu yaxınlara qədər o, Deyr əz-Zor şəhərində əl-Furat Universitetinin professoru olaraq dərs deyib. Hazırda həmin şəhərdə hakimiyyət qüvvələri ilə terror qruplaşmaları arasında döyüşlər gedir.
Xatırladaq ki, Suriyada parlament seçkiləri aprelin 13-də baş tutub. Seçilən 250 deputatdan 200-ü "BƏƏS" partiyasının üzvüdür. Müxalifət seçkiləri boykot edib.