Ağdaşda keçiriləcək təkrar seçkiləri AŞPA-nın 5 müşahidəçisi izləyəcək

90 saylı Ağdaş Seçki Dairəsində Milli Məclisə keçiriləcək təkrar seçkiləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 5 müşahidəçisi izləyəcək.

 

APA TV-nin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib: "AŞPA-nın 5 müşahidəçisi MSK-da qeydiyyatdan keçib. MSK-da qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 500 nəfər təşkil edib".

 

Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının birgə təşkilatçılığı ilə Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində “Siyasi partiyaların maliyyələşməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatının təqdim edilməsi” mövzusunda seminar təşkil edilib.

 

Tədbirin təşkilinə görə Avropa Şurası və Avropa İttifaqına təşəkkür edən MSK sədri M.Pənahov Azərbaycanın müstəqillik qazanması ilə siyasi partiyaların fəaliyyətə başladığını, çoxpartiyalılığın bərqərar olduğunu nəzərə çatdırıb. Hazırda ölkədə 55 siyasi partiyanın dövlət qeydiyyatından keçdiyini xatırladan M.Pənahov siyasi partiyalarla qarşılıqlı əlaqə sahəsində MSK-nın əsas qurumlardan biri olduğunu, siyasi partiyaların fəaliyyətində irəliləyişlər olduğunu söyləyib: “Ölkələrdə hakimiyyət seçkilər yolu ilə formalaşmalıdır. Bu baxımdan siyasi partiyaların fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Azərbaycan müstəqillik qazandıqdan sonra Qərb sivilizasiyasının bir hissəsi olduğunu bəyan edib və qanunvericiliyini buna uyğunlaşdırıb. Hakimiyyət uğrunda mübarizə xalqa xidmət məqsədi güdür və buna görə də siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır. MSK ilə siyasi partiyalar arasında maliyyə şəffaflığı sahəsində əməkdaşlıq da mühüm əhəmiyyət əks edir”. 

 

Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç layihənin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirildiyini söyləyib və qeyd edib ki, məqsəd partiyaların fəaliyyətində şəffaflığa nail olmaqdır.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard MSK və Avropa İttifaqının əməkdaşlığını yüksək qiymətləndirdiyini vurğulayıb.

 

MSK sədrinin müavini Natiq Məmmədov “Siyasi partiyaların maliyyə fəaliyyətinin aşkarlığının təmin edilməsində hesabatların rolu və bu məsələnin mili qanunvericilikdə həlli” mövzusunda çıxış edib. O, partiyaların maliyyə hesabatı ilə bağlı qanunvericilik barədə geniş məlumat verib.

 

Tədbir çıxışlarla davam edib.

 

Müəllif | Apa.Tv
Apa.tv