Levon Zurabyan: "Ermənistan iflas ərəfəsindədir"

"2015-ci il dövlət büdcəsinin dəqiqləşdirilmiş xərclər planına uyğun olaraq, həmin dövrdə büdcə xərcləri kəskin şəkildə artaraq, 109 milyard dram təşkil edib". APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, bu fikirləri Erməni Milli Konqresinin fraksiya rəhbəri Levon Zurabyan səsləndirib. Onun sözlərinə görə, kreditlərin cəlb edilməsi ilə əldə olunan vəsait heç də iqtisadi inkişaf proqramının icrasına deyil, yalnız inzibati binaların təmiri, nəqliyyat vasitələrinin alınması və digər məqsədlərə sərf olunub.

"Nəticədə dövlət büdcəsində 4,8 faizli kəsir yaranmaqla yanaşı, Ermənistanın xarici borcları da 14 faiz artıb. Bu isə Ermənistanın iri addımlarla iflasa doğru getməsi deməkdir", - deyə, L. Zurabyan bildirib.

O, həmçinin hökumətin bu xərcləri xalqdan gizlətmək üçün müxtəlif yollara əl atdığını da sözlərinə əlavə edərək, büdcənin "ictimai təşkilatlara ayrılan ianələr" bölümündə bu məqsədlər üçün nəzərdə tutulan xərclərin 2,44 milyard dramdan 9,196 milyard dramadək artırıldığını söyləyib.

Müəllif | Apa.Tv
Apa.tv