İsmayıllıda torpaq sürüşməsi təhlükəli həddə: 7 ailə köçürüldü

İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində torpaq sürüşməsi davam edir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, son iki gündə sürüşmə daha da aktivləşərək böyük ərazini əhatə edib.

 

Fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında iri çatlar əmələ gəlib, deformasiyaya uğrayan evlər yaşayış üçün yararsız hala düşüb. İyunun 6-7-də kənddə 7 ailənin üzvləri mənzillərdən təhlükəsiz əraziyə köçürülüb və müvəqqəti olaraq qohumlarının evlərində yerləşiblər.

 

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev APA TV-nin yerli bürosuna bildirib ki, Basqal-Sulut yolunun 10-cu kilometrliyində baş verən sürüşmə prosesi hələ də aktiv fazadadır. İndiyədək Sərsurə kəndində 44 fərdi yaşayış evindən 7-də təhlükəli vəziyyət yaranıb. Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçirdikdən sonra sakinlərin köçürülməsinə qərar verilib. Kənddəki digər evlərdə də xırda çatlar müşahidə edilir. Hazırda sürüşmə ümumilikdə 50 hektardan çox ərazini əhatə edir. Hadisə ilə bağlı İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən Nazirlər Kabinetinə məlumat verilib.

 

Rövşən Ağayevin sözlərinə görə, torpaq sürüşməsi nəticəsində Basqal-Sulut avtomobil yolu bağlanıb. Sulut, Kələzeyvə və Sərsurə kəndlərinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib. Ərazidə uzunluğu 3 kilometr, eni 120-140 metr olan sürüşmə sahəsi yaranıb. Dərhal əraziyə “Azəravtoyol” ASC-nin 7 saylı Yol İstismar İdarəsinin  ağır texnikası və canlı qüvvəsi cəlb olunaraq, sürüşmə ərazisindən kənarda 5 kilometr uzunluğunda alternativ yol çəkilib. Əhalinin və avtomobillərin hərəkəti bərpa edilib. Sürüşmə zamanı elektrik dirəklərinin yıxılması səbəbindən kəndlərə elektrik verilişi dayanıb. Elektrik dirəkləri və naqillər tez bir zamanda bərpa edilərək əhali enerji ilə təmin olunub.

Müəllif | Apa.Tv
Apa.tv