Qonşusunu bıçaqlayıb... xəstəxanaya apardı
Suraxanı rayonunun Bülbülə qəsəbə sakini Emin Teymur oğlu Cəfərovun onunla eyni məhəllədə yaşayan İsmət İslam oğlu Qəmbərovu bıçaqlaması barədə məlumat Suraxanı Rayon Polis İdarəsinə xəstəxanadan daxil olub.
APA TV-nin xəbərinə görə, polis əməkdaşları xəstəxanaya gəldikdə hadisəni törətməkdə şübhəli bilinən Emin Cəfərov xəstəxanada olub.
Araşdırma zamanı məlum olub ki, sinə nahiyəsindən yaraladığı İsməti xəstəxanaya Emin özü çatdırıb. Məlum olub ki, Emin Cəfərov İsməti qısqanclıq zəminində vurub. Dediyinə görə, bacısı ilə yuxarı məhəllədə əl-ələ tutub gəzməyini ona yoldaşları deyib: "Dedim, o söhbətə görə səninlə işim vardı. Dedi, elə bir şey olmayıb. Söyüş söyüm, dedi lap elə. Dedi bilməyib danışanı da mən söyəcəyəm. Əlimlə çənəsindən itələdim, bir az getdi arxaya".
Arada yaranan narazılığı İsmət aradan qaldırmaq istəsə də, Emin bununla razılaşmayıb. Mübahisə daha da qızışıb: "Əlimi atdım cibimə, məsafə yarandı aramızda, çıxardıb vurdum".
Faktla bağlı Suraxanı Rayon İstintaq İdarəsində araşdırmalar davam edir.