Bakıda sərnişin avtobusu ilə "Mercedes" toqquşdu

Bakıda avtobus sürücüsünün kobud qayda pozuntusu qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

 

165 nömrəli marşrut xətti ilə hərəkət edən 10 TG 831 dövlət nömrə nişanlı sərnişin avtobusunun sürücüsü yol nişanının tələbini pozaraq, Beyləqan rayon sakini Mahir Orucovun idarə etdiyi "Mercedes" markalı maşının yoluna çıxıb. Sürücü M.Orucovun sözlərinə görə, qəzadan yayınmağa çalışsa da, bu, heç cür mümkün olmayıb. Qəza zamanı xəsarət alan olmasa da, "Mercedes" markalı avtomobilə ciddi ziyan dəyib.

 

Hadisə yerinə yol polisi əməkdaşları gəlib, avtotexniki ekspertiza təyin olunub. Qəzadan sonra yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Yararsız hala düşən "Mercedes" markalı avtomobil yol polisinin duracağına aparılıb. Faktla bağlı araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv