Putin: "Biz "Türk axını" layihəsindən imtina etməmişik"
"Türk axını" layihəsi barədə Avropa Komissiyasının mövqeyi aydın olmalıdır". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin verib.
"Söhbət Qara dənizin altı ilə ixrac marşrutundan gedirsə, burada Türkiyə ilə siyasi xarakterli məlum çətinliklərimiz önə çıxır. Amma biz adı çəkilən layihələrdən imtina etdiyimizi heç vaxt dilə gətirməmişik", - deyə, Rusiya prezidenti əlavə edib.
Kreml rəhbəri onu da bildirib ki, əgər Avropa Rusiya qazından imtina etsə, Moskva başqa istiqamətlər, başqa bazarlar axtaracaq.
Rusiya və Türkiyə arasında adı çəkilən "Türk axını" layihəsinin gerçəkləşdirilməsi ötən ilin dekabrından rus təyyarəsinin türk qırıcıları tərəfindən vurulmasından sonra iki ölkənin münasibətlərinin kəskinləşməsi səbəbindən dondurulub.
Xatırladaq ki, həmin marşrut Qara dənizin dibindən Türkiyə ərazisinə daxil olmaqla Bolqarıstan, Serbiya, Macarıstan, Sloveniya və İtaliya ərazisinə çıxmalıdır.