BQXK: Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumat almışıq

Ermənistan hakimiyyət orqanları 7 iyun tarixində beynəlxalq sərhədi keçən şəxs haqqında Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) məlumatlandırıb.

 

Bu barədə APA-ya BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

 

O qeyd edib ki, hazırda bununla bağlı təmsil etdiyi qurum mandatına uyğun olaraq, bu məsələni izləyir və aidiyyəti orqanlarla əlaqə saxlayır. 

 

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar  işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.     


Tovuz rayon polisindən, eləcə də icra orqanlarından APA-nın qərb bürosuna bildirilib ki, Yanıqlı kəndində Zöhrə Vardzar qızı Vəliyeva adlı şəxs yaşamayıb.


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya bildirilib ki, iyunun 7-də Azərbaycan vətəndaşının Ermənistan Respublikasına keçməsi və orada saxlanması barədə bu ölkənin kütləvi informasiya vasitələrində yayılmış məlumat Dövlət Komissiyası tərəfindən araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv