Şamaxı sakini qardaşını qətlə yetirib, onun həyat yoldaşını isə yaralayıb
Şamaxı rayonunda qardaş qardaşını odlu silahla qətlə yetirib, həyat yoldaşını yaralayıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Şamaxı şəhərinin Hüseyn Ciddi küçəsindəki 74 saylı evdə qeydə alınıb. 1971-ci il təvəllüdlü Rəşidov Azad Əli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib.
Ağır xəsarətlər alan iki uşaq atası Azər Rəşidov hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı əlində silah olan Azad Rəşidov onun qarşısını kəsən öz həyat yoldaşı 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açaraq onu qolundan yaralayıb. Möminə İbadova Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Məlumata görə uzun illərdir ki, Rusiyada yaşayan Azad Rəşidov bu günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlib. O, qardaşı ilə dava edərək onu öldürüb. Hadisəni törədərək qaçan Azad Rəşidov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.