Gəncə səbəti toxuyan yeganə azərbaycanlı - REPORTAJ

Yəqin ki, Gəncədən gələn səbətin şöhrəti çoxlarına məlumdur. Bayramlar ərəfəsində içi kənd təsərrüfatı məhsulları ilə dolu olan bu səbəti Gəncədə bir nəfər hazırlayır. 58 yaşlı Vilayət Qurbanov... Vilayət kişi 10 yaşından bu yana qarğıdan səbət hörür. Deyir ki, bu sənəti atasından öyrənib. Elə babası da uzun illər səbətçi olub. İndiyədək yüzlərlə səbət hörən Vilayət Qurbanov bu işin qədim əl sənəti olduğunu bildirir.

 

«Səbət hal-hazırda məişətdə, mətbəxdə istifadə olunur, meyvəni yaxşı saxlayır. Kartof, soğan üçün əlverişlidir. Səbətdə qalan kartof göyərmir. Səbət bazarlıq üçün də yaxşıdır. Məsələn, sovqat bazarlığı olur. Görürsən ki, kimsə başqa şəhərdə yaçayan qardaşı-bacısına bazarlıq edib göndərir. Gəncədən pendir, qaymaq, beçə, bal göndərirlər. Bu səbətdə göndərəndə daha daha yaxşı olur. Ona görə də səbətin ayrı yeri var”.

 

Vilayət kişi bildirir ki, vaxtı ilə Gəncə səbətinin şöhrəti çox uzaqlara gedib çıxıb. Səbətlərə üzüm yığıb müxtəlif şəhərlərə aparırdılar. Lakin hazırda səbətə marağ azalıb. Bunun səbəbini Vilayət Qurbanov kimyəvi üsulla hazırlanan torbaların, yeşiklərin çoxalmasında görür. Amma sənətkar bu günə də şükür edir. Deyir adi günlərdə satılmasa da, bayram günlərində səbətə ehtiyac artır.

 

Səbət əsasən çay kənarında bitən qarğıdan hazırlanır. Uzunömürlü, dözümlü, çürüməyən bu material respublikanın müxtəlif bölgələrində bitir. Vilayət kişi qarğını topa halında alaraq səbət toxuduğunu deyir. Bir neçə yerə bölünən qarğıdan böyük, orta və kiçik ölçülü səbətlər toxunur. İlk baxışdan adama elə gəlir ki, səbət çox asanlıqla başa gəlir. Amma elə deyil. Bu səbət 3 saata başa gəlsə də, qiyməti ucuzdur. 3 manat. Amma bu səbət təxminən bir günə başa gəlir. Qiyməti isə 5 manatdır. Lakin bu səbət isə daha çox əziyyət tələb edir. Bunun qiyməti isə yoxdur”.

 

Vilayət kişi hazırda səbət toxunma sənətinin tənəzzülə uğradığını bildirir. Onun sözlərinə görə, ondan bu sənətin sirlərini öyrənən gənclər demək olar ki yoxdur. Ancaq Vilayət Qurbanov səbət hörmənin dədə babalardan bizə qalan əl sənəti olduğunu və bu sənətin yaşadılaraq gələcək nəsillərə çatdırlmasının zəruri olduğunu söyləyir.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov