ABŞ proqnozları yenilədi: Neft sürətlə bahalaşacaq
ABŞ Energetika Nazirliyi 2016-cı il üçün neftin orta illik qiymətinə dair növbəti proqnozları açıqlayıb. APA TV-nin məlumatına görə, nazirlik bu il Qərbi Texas neftinin orta illik qiymətini 42,83 dollar, "Brent" neftinin orta illik qiymətini isə 43,03 dollar olaraq proqnozlaşdırır. Ötən ay açıqlanan proqnozlarda bu rəqəmlər müvafiq olaraq 40,32 dollar və 40,52 dollar olaraq açıqlanmışdı.
Nazirlik 2017-ci ildə hər iki populyar neft markasının orta illik qiymətinin 51,82 dollar olacağını ehtimal edir. ABŞ-ın neft hasilatına dair proqnozlar isə dəyişməz qalıb. Proqnozlara əsasən, bu il ABŞ-da gündəlik neft hasilatı 8,6 milyon barel, gələn il isə 8,19 milyon barel olacaq. Ölkənin neftə olan tələbatı isə artacaq. Bu il ABŞ-da hər gün orta hesabla 19,62 barel neft məhsulu istehlak ediləcəyi gözlənilir, dünyada isə neftə olan gündəlik tələbat 95,62 milyon barel olacaq.
Xatırladaq ki, hazırda "Brent" markalı neftin qiyməti 52 dollara yaxınlaşır. ABŞ-ın neft ehtiyatlarının azalmasına dair ilk həftəlik hesabatın açıqlanmasında sonra birjaların günorta seanslarında "Brent" neftinin bir bareli 51,92 dollardan satılır. WTİ nefti isə hazırda 50,80 dollardan təklif olunur.