İmişlidə güclü dolu yağıb, sakinlərə ciddi ziyan dəyib

Ötən gecə İmişli rayonunun bir neçə kəndinə dolu yağıb. APA TV-nin məlumatına görə, yağıntılar nəticəsində evlərin dam örtüyü zədələnib. Hacıalılar, Qızılkənd, Xəlifəli, Qulubəyli və Aranlı kəndlərində şəxsi təsərrüfatlara, meyvə  bağları və  əkin sahələrinə xeyli ziyan dəyib.

Dolu yağıntısı Hacıalmuradlı, Xəlfəli və Qızılkənd kəndlərində daha intensiv olub. Kənd sakinlərinin sözünə görə, küləklə müşayiət olunan bu cür yağıntının ilk dəfə şahidi olublar. Kəndlərdə  ağaclar  aşıb, evin damları, pəncərələri qırılıb. Güclü yağıntı  ev quşları arasında tələfata səbəb  olub. Bağlarda ağaclar qırılıb, dolu meyvələri tökərək yararsız hala salıb.

Hazırda yağıntıların vurduğu fəsadların aradan qaldırılması üçün rayon icra hakimiyyətinin fövqəladə hallar  komissiyası tərəfindən işlər görülür, dəyən ziyan hesablanır. 

Müəllif | Apa.Tv
Apa.tv