Şabranda avtoreyd keçirildi
Bu gün Şabran şəhərində avtoreyd keçirilib. APA TV-nin şimal bürosunun məlumatına görə, reydin keçirilməsində əsas məqsəd sərnişindaşıma ilə məşğul olan sürücüləri maarifləndirmək olub.
Bununla yanaşı, avtoreyd avtobusların sərxoş vəziyyətdə idarə edilməsi, tutumundan artıq sayda sərnişin götürülməsi, qapıların açıq vəziyyətdə idarə olunması, dayanacaqdan kənar yerdə, eləcə də yolun hərəkət hissəsində sərnişin götürülməsi və ya düşürülməsi hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə yönəlib.
Reyd zamanı bir sıra qayda pozuntuları aşkarlanıb. Qaydaları pozan sürücülərə protokol tərtib edilib.
Şabranda bu kimi reydlərin göstəriş əsasında mütəmadi keçirilməsi planlaşdırılır.