Ağdamda partlamamış hərbi sursat zərərsizləşdirildi

Ağdamda partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. APA TV-nın Qarabağ bürosunun xəbərinə görə, top mərmisi rayonun Zəngişalı kəndinin ərazisində tapılıb.

 

Minaaxtaranlar kənd sakini Nizami Əliyevin müraciəti əsasında hadisə yerinə baxış keçirib. Top çalasına baxış zamanı yerin altında hərbi sursatın yeri müəyyən olunub. ANAMA-nın əməkdaşları yaxınlıqda yerləşən əkin sahələrində çalışan yerli sakinləri evakuasiya edib.

 

ANAMA-nın region üzrə supervayzeri Xaliq Zülfüqarov: "Dünən ərazidə əkin-biçin işləri məşğul olan kənd sakinləri əraziyə düşən mərminin yerini görüblər və onun partlamamış olduğundan şübhələniblər. Bu haqda bizə Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verildi. ANAMA-nın region üzrə əməliyyat qrupu dərhal əraziyə gəldi. Mərmi düşdüyü yerə baxarkən onun partlamamış olduğunu bildik. Tədqiqat apararaq yerin altından 2 metr dərinlikdən 1 ədəd partlamamış top mərmisi aşkar elədik. Mərminin götürülməsi mümkün deyildi. Ona görə də bu gün yerində partlatma yolu ilə zərərsizləşdiriləcək".

 

Qeyd edək ki, qoşunların təmas xəttində baş verən aprel döyüşlərində Ağdamın yaşayış məntəqələrinə və əkin sahələrinə yüzlərlə top mərmisi düşüb. 

Müəllif | Apa.Tv
Apa.tv