“Brent” neftinin qiyməti 53 dollara yaxınlaşır
Birjalarda neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında “Brent” markalı neftin bir bareli 52,73 dollardan satılır ki, bu da 24 saat əvvəlki göstəricidən 1,22 dollar bahadır. Qərbi Texas neftinin qiyməti də son 8 ayın rekordunu təzələyib. Hazırda hərraclarda WTİ nefti 51,53 dollardan təklif olunur. Neftin bahalaşmasına bazarda təklifin azalması gözləntiləri ciddi təsir edir. Bundan başqa həftə içi ABŞ-da açıqlanan hesabatlarda ölkənin xam neft və benzin ehtiyatlarının azaldığı məlum olub. Tələbatın artması avtomatik olaraq qiymətlərin bahalaşmasına da təsirini göstərmiş olub. Treyderlər ciddi bir dəyişiklik olmasa, həftə sonuna kimi neftin qiymətinin 54 dollara yaxınlaşacağını güman edirlər.