Fransa Avro-2016-ya tətillərlə gedir: küçələrdən zibil daşınmır

Fransanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının açılışına az qalmış, ölkədə əmək qanunvericiliyinə qarşı etirazlar və tətillər davam edir.

 

APA TV-nin xəbərinə görə, Parisdə ötən həftədən başlayan tətil üzündən bir həftədir paytaxtda zibillər daşınmır. Hər gün Parisdə 200 maşınla 2000 tona yaxın zibil daşınırdı.

 

Dəmir yolu işçilərinin tətili də ölkə daxilində dəmir yolu nəqliyyatını iflic vəziyyətinə salıb. Aksiya iştirakçıları Avro-2016-nın kubokunun Parisə gətirilməsinə də mane olublar. Kubok Fransanın 25 şəhərini gəzdirildikdən sonra sonuncu dayanacağa - Parisin Şimal vağzalına gətirilib. Etirazlar üzündən kubokun Parisdəki təqdimatı təxirə salınıb. Vağzalda polis əməkdaşları və etirazçılar arasında toqquşma baş verib. Kubok mühafizə altında vağzaldan çıxarılıb.

 

Milli hava yolu şirkəti “Air France”nin pilotları da iyunun 11-də tətilə başlayacaqlar. Fransanın nəqliyyat naziri Alan Vidalies Avro çempionatı ərəfəsində dəmir yolu işçilərinin tətilə başlamasını və pilotların aksiyaya hazırlaşmasını “məsuliyyətsizlik” adlandırıb.

 

Manuel Vals hökuməti əmək qanunvericiliyinin liberallaşdırılmasını təklif edir. Təklif qəbul edilsə, Fransada yeni iş yerlərinin açılmasına yardım edəcək. Lakin bəzi dəyişikliklər sol təmayüllü qüvvələri razı salmayıb. Hökumətin təkliflər paketində iş gününün 10 saatdan 12 saatadək artırılması, əmək müqaviləsində dəyişiklik edilməsini istəyənlərin işdən qovulmasının asanlaşdırılması nəzərdə tutulur.

 

Həmkarlar təşkilatları və işçi təşkilatları hökumətin təklifləri geri çağırmasını tələb edirlər.

Müəllif | Apa.Tv
Apa.tv