Koreya prezidentinin aşpazları Bakıda təltif olundular

5 saylı “ASAN Xidmət” Mərkəzində “Multikulturalizm ili” çərçivəsində “Koreya Mətbəxi Festivalı” keçirilib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Koreyanın Azərbaycandakı səfirliyi və Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutan ədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb.

 

Nazir bildirib ki, bu gün Azərbaycanın multikulturalizm sahəsindəki rolu müsbət qiymətləndirilir. O, eyni zamanda hər iki ölkədə qarşılıqlı şəkildə mədəniyyət günlərinin təşkil edilməsinin müsbət hal olduğunu və gələcəkdə də belə tədbirlərin keçiriləcəyini vurğulayıb: “Mətbəx hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsidir. Mətbəxə mədəniyyət nöqteyi-nəzərdən baxılmalı və təhlil olunmalıdır. Koreya səfirliyi “Multukulturalizm ili” çərçivəsində mətbəx mədəniyyətini təqdim etdi. Öz ənənələrinə, zəngin xüsusiyyətlərinə malik, dünya miqyasında tanınan mətbəxdir”.

 

Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu isə bildirib ki, bu gün nümayiş etdirilən yeməklər Koreya mətbəxinin xüsusi nümunələridir. O, həmçinin mədəniyyət tədbirlərinin iki ölkə arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib: “Azərbaycan fərqli mədəniyyətlərin mövcud olduğu bir ölkədir. Elə bu tədbirin təşkilinin əsas səbəblərindən biri də Azərbaycandakı multikultural dəyərlərə töhfə verməklə əlaqədardır. Açılışda hazırlanan xörək Azərbaycan plovuna bənzəyir. Bu da simvolik əhəmiyyət daşıyır”.

 

Festival çərçivəsində koreyalı aşpazlara Azərbaycan Milli Kulinariya Mərkəzinin sertifikatları təqdim edilib. Tədbir iştirakçıları Koreya Respublikası Prezidentinin iqamətgahında çalışan peşəkar aşpazlar tərəfindən hazırlanan növbənöv təamları dadmaq imkanı da əldə ediblər.

 

Tədbirin sonunda Koreya vətəndaşlarından biri saçı ilə kətan üzərində çəkdiyi rəsmlə bütün dünyanı sülhə səsləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv