Qəbələdə MDB Bədən tərbiyəsi və idman üzrə Şurasının iclası keçirilir
İyunun 9-da Qəbələ şəhərində MDB iştirakçısı olan dövlətlərin Bədən tərbiyəsi və idman üzrə Şurasının növbəti iclası başlayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistanın bədən tərbiyəsi və idman nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak edir.
MDB-nin yaranmasının 25 illiyi münasibətilə keçirilən Şuranın iclasında bu quruma üzv olan ölkələrdə bədən tərbiyəsi və idman sahəsində ümumi siyasətin işlənilməsi, bədən tərbiyəsi və idman sahəsində tədbirlər planının hazırlanması, 2020-ci ilə qədər olan dövr ərzində bədən tərbiyəsi və idman üzrə Milli Strategiyanın həyata keçirilməsi, eyni zamanda 2018-2020-ci illər üçün tədbirlər Planı layihəsinin hazırlanması məsələləri müzakirə edilir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iclasın iştirakçılarını salamlayaraq, qonaqlara Azərbaycanda idmanın bu günü, onun inkişafı yolunda görülən işlərə dair dövlət dəstəyi, idmançılarımızın beynəlxalq idman yarışlarındakı uğurları barədə məlumat verib. Nazir bildirib ki, toplantıda dopinqə qarşı birgə mübarizə, kütləvi idman tədbirləri zamanı tribunalarda azarkeşlər arasında zorakılıq hallarının aradan qaldırılması, futbol yarışları zamanı əvvəlcədən sövdələşdirilən oyunların keçirilməməsi üçün tədbirlərin görülməsi və beynəlxalq idman qanunlarına zidd hərəkətlərin qarşısının alınması məsələləri müzakirə ediləcək.
İki gün davam edəcək iclasda MDB-nin 25 illik yubileyi münasibətilə tədbirlər planı işlənib hazırlanacaq. Toplantıda 2017-ci ildə Rusiyanın Ulyanovsk əyalətində MDB-yə üzv ölkələrin milli idman növləri Festivalına hazırlığın müzakirəsi nəzərdə tutulur.