Bolqarıstan və Çexiyadan xəbərdarlıq: Rusiya AB-ni məhv etmək niyyətindədir
"Rusiya Avropa İttifaqını məhv etmək niyyətindədir". APA TV-nin məlumatına görə, bu fikirləri Bolqarıstan prezidenti Rosen Plevneliyev Avropa Parlamentinin iclası zamanı çıxışında səsləndirib.
O deyib ki, Kreml ittifaq daxilindəki vəziyyəti destabilləşdirməyə, Avropa İttifaqının vahidlik, həmrəylik və qanunun aliliyi kimi təməl prinsiplərini məhv etməyə çalışır. Plevneliyev eyni zamanda Qərbin Krımın qeyri-qanuni ilhaq edilməsi, o cümlədən Donbassdakı hərbi aqressiyasına göz yummasının qəbuledilməz olduğunu da sözlərinə əlavə edib: "Qərbin bu addımları bundan sonra da görməzdən gəlməsi tarixi utanc olacaq. Bizim üçün Krım Ukrayna, Ukrayna isə Avropanın özüdür".
Buna bənzər açıqlama ilə həmçinin Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek də çıxış edib. Onun fikrincə Rusiya ittifaqın dağılmasına səbəb olacaq təhlükəli ideyaları müdafiə edən avro-skeptikləri, eləcə də millətçi düşüncəyə malik olanları dəstəkləməklə, bloka qarşı "parçala, hökmranlıq et!" siyasəti yeridir.
Zaoralek bildirib ki, Rusiya hazırda Avropanın zəif tərəflərini müəyyənləşdirir və bu siyasətin maliyyələşdirilməsi üçün yollar axtarır. Xarici işlər naziri qitə ölkələrinin rəsmi Moskvanın bu addımlarına cavab verməli olduğu qənaətindədir. Lyubomir Zaoralek onu da bildirib ki, İngiltərənin qurumu tərk etmək məsələsi ilə bağlı 23 iyun tarixinə təyin edilmiş referendum Rusiyanın Avropada təsir gücünü artırmağa xidmət edə bilər.