Bakı-Quba yolunun Ceyranbatandan keçən hissəsi təmir olunur
“Azəravtoyol” ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işlərinə başlanılıb.
APA TV-nin xəbərinə görə, təmir-bərpa işləri yalnız bir istiqamət üzrə, daha dəqiqi, Bakı şəhəri istiqamətində aparılır.
Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər aparılacaq. İlkin olaraq işlərə sözügedən yolun 1 km-lik hissəsində start verilib.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin, Fövqəladə Hallar Nazirliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət agentliyinin əməkdaşlarının xüsusi nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.
Sürücülərdən təmir-bərpa işlərini nəzərə almalarını və diqqətli olmaları xahiş olunur.