Güclü leysan və dolu Yardımlıda fəsadlar törətdi
Ötən gün axşam saatlarında Yardımlı rayonunda hava şəraiti kəskin pisləşib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, təqribən 20 dəqiqə müddətində güclü dolu, ardınca leysan yağıb. Nəticədə 2 elektrik transformatoru qəzalı vəziyyətə düşüb, rayonun 10-a yaxın yaşayış məntəqəsi işıqsız qalıb.
Təbii fəlakət yol infrastrukturuna da ciddi ziyan vurub, sel suları Masallı-Yardımlı şose yoluna axaraq nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Nəticədə yolda hərəkət bir neçə saatlığa məhdudlaşıb. Rayonun kəndarası yollarını isə sel suları basıb, rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
Dolu rayonun kənd təsərrüfatına da ziyansız keçməyib. Sel hektarlarla əkin sahəsini yuyub aparıb, taxıl zəmilərinə böyük ziyan vurub, ot tədarükünü iflic vəziyyətə salıb.
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür.