Pentaqon: "Rusiya 60 saata Tallin və Riqanı işğal edə bilər"

ABŞ müdafiə nazirinin köməkçisinin müavini Maykl Karpenter amerikalı analitiklərin Rusiyanın Riqa və Tallinin üç gündən də az müddətdə ələ keçirməyə qadir olması ilə bağlı məlumatlara malik olmalarını təsdiqləyib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, "RAND" araşdırmalar mərkəzinin hazırladığı hesabatda rus ordusunun yuxarıda adı çəkilən şəhərləri 36-60 saat ərzində işğal etməyə qadir olduğu açıqlanıb.

Hesabatda həmçinin bildirilir ki, bu baş verəcəyi təqdirdə NATO-nun vəziyyəti nəzarət altında saxlamaq istiqamətindəki bütün cəhdləri uğursuzluqla nəticələnəcək. Belə olan halda qurum iki yola əl atmalıdır: "NATO ya əks-hücuma keçməlidir ki, bu addım da münaqişənin nüvə cəhətdən eskalasiyasına səbəb olacaq, yaxud alyans özünün müvəqqəti məğlubiyyətini qəbul etməlidir".

Maykl Karpenter onu da bildirib ki, Baltikyanı ölkələrə hücum etmək qərarına gələrsə, Rusiya həm zaman, həm də məkan baxımından üstünlüyə malik olacaq.

Qeyd edək ki, hazırda ABŞ Rusiyanın təcavüzünə cavab vermək üçün regionda öz qüvvələrini effektiv şəkildə cəmləşdirməyə çalışır.

Müəllif | Apa.Tv
Apa.tv