Zaqatalada ağır qəza: 1 ölü, 6 yaralı

Zaqatalada 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə bu gün 16:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Şəki rayon sakini Mayis Sadiqov idarə etdiyi "Mercedes" markalı 10 UE 011 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala rayonunun Qımır kənd sakini, 1991-ci il təvəllüdlü İntiqam Allahverdi oğlu Bəkirovun idarə etdiyi "VAZ-2106" markalı 62 BX 076 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəzadan sonra "VAZ-2106"da olan sərnişin, Zaqatala rayonunun Qazangül qəsəbə sakini, 83 yaşlı Pərixan Hacıyeva aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

"VAZ-2106" markalı avtomobilin sürücüsü İ.Bəkirov, onun sərnişinləri - Qazangül qəsəbə sakinləri 1976-cı il təvəllüdlü Sevil Aslan qızı Hacıyeva, 1996-cı il təvəllüdlü Zöhrə Nəzir qızı Hacıyeva, 2003-cü il təvəllüdlü Abdurrahman Nəzir oğlu Hacıyev, "Mercedes" markalı avtomobildə olan sərnişinlər - Şəki rayon sakinləri 1964-cü il təvəllüdlü Mədinə Abdulla qızı Mustafayeva və 1993-cü il təvəllüdlü Gülnar Mayis qızı Sadiqova aldıqları müxtəlif bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Xəstəxanadan verilən məlumata görə, hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, "VAZ-2106" markalı avtomobildə vəfat edən və yaralananlar bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv