Ermənistan tərəfə keçən qadının anası danışdı
Bir neçə gün əvvəl təmas xəttindən Ermənistan tərəfə keçən şəxsin Gədəbəy rayonun Çiçəkli kənd sakini Qətibə Ələkbərova olduğu dəqiqləşib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, 9 uşaqlı ailədə böyüyən 1977-ci il təvəllüdlü Qətibə Ələkbərova təxminən 4 gün əvvəl səhər saatlarında yaşadığı evi tərk edib.
Anası Kübra Ələkbərovanın dediyinə görə, qızı bir neçə dəfə evdən qaçıb. Bir neçə gün əvvəl isə Qazaxda müalicə aldığı xəstəxanaya gedəcəyini bildirirmiş: "Onun ömrü neçə il Qazaxda xəstəxanada keçib. O, neçə il orda qalıb..."
Qətibə Ələkbərova Qazaxda ruhi xəstəxanada müalicə alan ailənin tək övladı olmayıb. Onun bir bacısı da hazırda ruhi xəstəlikdən əziyyət çəkir. Bir qardaşı isə Qazaxda Rayonlararası Ruhi Xəstəxanada müalicə alarkən dünyasını dəyişib.
Ailə üzvlərinin dediyinə görə, Qətibə Ələkbərovanın Ermənistan tərəfə keçmə xəbərini rəsmi qurumlardan öyrəniblər. Bəzi dövlət orqanlarının əməkdaşları faktı dəqiqləşdirmək üçün Çiçəkli kəndinə gəliblər.