Biləsuvarda Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi aparılır

“Azəravtoyol” ASC tərəfindən Biləsuvar rayonunun Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi işləri aparılır.

 

APA TV-nin xəbərinə görə, yolun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib.

 

Layihəyə uyğun olaraq yolun 1,68 km-də Bolqar çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 m olan avtomobil körpüsü inşa edilib. Bundan başqa, 7 yerdə ümumi uzunluğu 170 m olan dairəvi boru, 3 yerdə düzbucaqlı ümumi uzunluğu 73 m olan boru, 2 yerdə ümumi uzunluğu 47 m olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib.

 

Sözügedən yolun tikintisində məqsəd, M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək, Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir.  Eyni zamanda bu yol vasitəsilə 10 mindən artıq əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də avtonəqliyyat xidməti təmin ediləcək.

 

Qeyd edək ki, hazırda bu yaşayış məntəqələrinə avtonəqliyyatın hərəkəti ancaq Biləsuvar şəhərinin daxili yolları vasitəsilə təşkil olunub.

Müəllif | Apa.Tv
Apa.tv