“ASAN Xidmət”də 10 milyonuncu vətəndaşın müraciəti qeydə alındı

“Azərbaycanda dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlərin vahid elektron reyestri yaradılıb. Dövlət başçısının dünən imzaladığı fərmana əsasən, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həmin elektron reyestrdə “ASAN Xidmət indeksi” əsasında xidmətlərin qiymətləndirilməsi tapşırılıb”. 

 

APA TV-nin məlumatına görə, bunu prezidentin imzaladığı fərmanı şərh edən Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib.

 

Ü.Mehdiyev deyib ki, “ASAN Xidmət indeksi” formalaşdırılacaq və hər bir dövlət orqanının xidməti bu indeks üzrə qiymətləndiriləcək: “Bu fərman sırf dövlət orqanlarının göstərdiyi xidmətlərin qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycanda fəaliyyət göstərən bütün dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətlərin qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə nəticəsində həmin xidmətlərin vətəndaşlar üçün nə dərəcədə asan olması müəyyənləşəcək, çatışmazlıqlar varsa, həmin xidmətlərin daha əlçatan, şəffaf olması barədə təkliflər hazırlanacaq. Bu çatışmazlıqlar və təkliflər barədə hazırlanan hesabat Azərbaycan prezidentinə təqdim ediləcək. Bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görüləcək”.

 

Yeri gəlmişkən, “ASAN Xidmət”də 10 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb.

 

Ağdam rayonundan məcburi köçkün olan və hazırda Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Arzu Əliyeva 5 saylı “ASAN Xidmət” mərkəzinə edib.

 

A.Əliyevanın Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzinə müraciəti Daxili İşlər Nazirliyinin həyata keçirdiyi şəxsiyyət vəsiqəsinin alınması xidməti ilə bağlı olub. O, 10 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və xüsusi hədiyyələrlə mükafatlandırılıb. A.Əliyeva və valideyni “ASAN Xidmət”ə təşəkkürünü bildirib.

 

Şəxsiyyət vəsiqəsini A.Əliyevaya əməkdar artist Röya təqdim edib.

 

Qeyd edək ki, A.Əliyeva "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təhsil alır.

 

Müəllif | Apa.Tv
Apa.tv